İspaniya parlamentinin baş naziri istefaya göndərəcəyi gözlənilir
Madrid, 1 iyun, AZƏRTAC
İspaniya parlamentinin iyunun birində keçiriləcək iclasında ölkənin baş naziri Mariano Raxoya etimadsızlıq məsələsi səsə qoyulacaq.
AZƏRTAC xəbər verir ki, müxalifətdə olan İspaniya Sosialist Partiyasının (PSOE) lideri Pedro Sançesin təşəbbüsü ilə Konqresdə baş nazir, Xalq Partiyasının (PP) lideri Mariano Raxoya etimadsızlıq göstərilməsi məsələsi müzakirə ediləcək. Sosialistlər baş naziri ölkədə səs-küyə səbəb olmuş korrupsiya qalmaqalına müvafiq reaksiya verməməkdə günahlandırırlar. Mayın 24-də aralarında bir sıra iş adamları ilə yanaşı hakimiyyətdə olan Xalq Partiyasının üzvlərinin də olduğu şəxslərin korrupsiya əməllərinin aşkarlandığı məhkəmə prosesi keçirilib.
Baş nazirə etimadsızlığın elan olunması üçün parlamentin 176 üzvünün səsinə ehtiyac var. Pedro Sançesin partiyası PSOE 84 deputatla təmsil olunur. Lakin 67 deputatı olan digər sol partiya “Podemos” da onları dəstəkləyir. Çatmayan səslərin alınması üçün sosialistlər, İspaniya konqresindəki katalon və bask millətçiləri ilə danışıqlar aparıblar. Son məlumatlarda onların da Pedro Sançesi Mariano Raxoya qarşı dəstəkləyəcəyi bildirilir. Bu halda baş nazirin istefaya göndərilməsi və hökumətə Pedro Sançesin rəhbərlik etməsi reallaşa bilər.
Parlamentin digər ciddi siyasi qüvvəsi olan “Ciudadanos" partiyası Mariano Raxoyu dəstəkləyir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid