İsrailin Azərbaycandakı səfiri “EnterpriseAzerbaijan” portalının İnkubasiya və Akselerasiya akvariumunda olub
Bakı, 28 noyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində qonaq olan İsrailin Azərbaycandakı səfiri Corc Dik və səfirliyin iqtisadiyyat və ticarət məsələləri üzrə müşaviri Vüsal Mürsəlzadə “EnterpriseAzerbaijan” portalının İnkubasiya və Akselerasiya akvariumu ilə tanış olublar.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “EnterpriseAzerbaijan” portalının rəhbəri Mətanət Musayeva qonaqları portalın iş prinsipi, Azərbaycanda startap ekosisteminin müasir vəziyyəti, akvariumun rezidentləri və startaplar ilə tanış edib.
İsrail səfiri Corc Dik ilk olaraq mərkəzin rezidentləri olan “Alma consulting”, “Interno” və “Bonpini” ilə tanış olub, onların iş fəaliyyətlərini və nailiyyətlərini diqqətlə dinləyib, onu maraqlandıran sualları ünvanlayıb.
Daha sonra səfir akvariumun startapları ilə tanış olub. Sosial, ekoloji, texnoloji və kreativ layihələr olan “Ecoprint”, “Yoldash”, “Recycled Art”, “GreenBomb”, “Biobot”, “Entor”, “Designyourself” və “Plasket” özlərini təqdim edib, beynəlxalq səviyyədə yarışlarda iştirakları və qələbələri ilə bağlı məlumat verib, gələcək inkişafları üçün lazım olan resursları dilə gətiriblər.
Səfir hər bir startapı diqqətlə dinlədikdən sonra gəncləri maraqlı ideyaları ilə bağlı təbrik edib və onların gələcək inkişaflarında dəstək göstərəcəyini bildirib. O, Azərbaycan və İsrail startap ekosistemləri arasında gələcək əməkdaşlıq və inkişaf perspektivlərinin olduğunu söyləyib.
Görüşün sonunda səfir akvariumun üzvləri ilə xatirə şəkli çəkdirib.