“İstanbul Azərbaycanlı Tələbə Gənclər Dərnəyi” İctimai Birliyinin sədri Tural Qurbanovdan
Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi “İstanbul Azərbaycanlı Tələbə Gənclər Dərnəyi” İctimai Birliyinin üzvləri adından səmimi qəlbdən təbrik edirik. Seçkilərdə parlaq qələbəniz ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirməyinizə Azərbaycan xalqının inamının təsdiqidir.
Ötən on illik prezidentliyiniz dövründə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili sahəsində görülən işlər daha geniş vüsət almışdır. Biz tələbələr xarici ölkələrdə təhsil almaqla bərabər, azərbaycançılıq məfkurəsi ətrafında birləşərək dövlətimizin demokratik yolla irəlilədiyini, qazandığı uğurları təbliğ edirik.
Gənclərə daim humanist diqqət və qayğı ilə yanaşmağınız Sizə inamımızı daha da artırmışdır. Türkiyədə təhsil alan tələbələrimiz oktyabrın 9-da səfirliyimizdə, konsulluqlarımızda yaradılmış seçki məntəqələrinə gələrək yekdilliklə Sizə səs vermişlər.
Möhtərəm cənab Prezident, əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycanın inkişafı davamlı olacaq, gənclərə diqqət və qayğı daha da artacaq, Azərbaycan dünya ictimaiyyətində yürütdüyünüz müdrik siyasət nəticəsində öz sözünü hər zaman deyəcək, işğal altında olan torpaqlarımız isə azad ediləcəkdir.
Bir daha Sizi inamlı qələbəniz münasibətilə səmimi qəlbdən təbrik edirik.
Hörmətlə,
Tural Qurbanov
“İstanbul Azərbaycanlı Tələbə Gənclər Dərnəyi”
İctimai Birliyinin sədri