İSTANBULDA ANARIN YUBİLEYİ QEYD OLUNMUŞDUR
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı, Milli Məclisin deputatı Anarın anadan olmasının 65-ci ildönümü martın 15-də İstanbulda geniş qeyd olunmuşdur.
AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, İstanbul Böyük Şəhər Bələdiyyəsinin təşkil etdiyi tədbir Tarık Zəfər Tunaya Mədəniyyət Mərkəzində keçirilmişdir. Təntənəli mərasimə Türkiyənin görkəmli elm, ədəbiyyat və incəsənət xadimləri, ictimai təşkilatların və universitetlərin, nazirlik və dövlət komitələrinin nümayəndələri, jurnalistlər, burada işləyən və təhsil alan soydaşlarımız dəvət olunmuşdular.
Tədbir iştirakçılarına yazıçımızın həyat və yaradıcılığından bəhs edən sənədli film göstərilmişdir. Sonra Türkiyə Yazıçılar Sindikatının sədri Çengiz Bektaş, İstanbul Böyük Şəhər Bələdiyyəsi mədəniyyət departamentinin başçısı Şenol Dəmiröz, Azərbaycanın əməkdar incəsənət xadimi, rejissor, professor Tofiq İsmayılov, Türkiyənin tanınmış sənətçiləri rejissor Xəlid Rəfiq, rəssam İbrahim Balaban, ədəbiyyatşünas, alimlər Yusif Gedikli, Osman Sərtqaya, İbrahim Yıldırım, Firudin Andaç və İrfan Çiftçi, tərcüməçi Eldəniz Qurtulan çıxış etmiş, Anarın təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ədəbiyyat və mədəniyyətindəki xidmətlərinin əhəmiyyətini vurğulamışlar.
Yazıçının yaradıcılığına nəzər salan natiqlər onun əsərlərinin mövzularındakı məkan və zaman genişliyini, gənclik illərində qələmə aldığı əsərlərin bu gün də aktual olduğunu və dünyanın müxtəlif ölkələrində maraqla oxunduğunu nəzərə çarpdırmışlar. İstanbul Böyük Şəhər Bələdiyyəsi tərəfindən yazıçımıza Türk dünyasına göstərdiyi böyük xidmətlər üçün “Türk dünyası mədəniyyət və sənət şərəf mükafatı” təqdim olunmuşdur.
Xatırladaq ki, bu, Anarın son illərdə Türkiyədə aldığı üçüncü yüksək mükafatdır. 2000-ci ildə Türkiyə Yazıçılar və Sənətçilər Vəqfi (TÜRKSAY) ona “Türk dilinə xidmət”, 2002-ci ildə isə Türk Dünyasına Xidmət Vəqfi “Şərəf” mükafatlarını təqdim etmişlər.
Tədbirdə söz alan Anar, ona göstərilən bu böyük hörmət və ehtiram, haqqında söylənilən səmimi sözlər üçün dərin təşəkkürünü bildirmişdir.
Martın 16-da isə İstanbul Teatrında Anarın “Beş mərtəbəli evin altıncı mərtəbəsi” adlı pyesinin növbəti tamaşası göstərilmişdir. Bu əsər son üç ay ərzində İstanbulda 56 dəfə nümayiş etdirilmişdir. Əsər türk tamaşaçıların böyük rəğbətini qazanmış və gələn ilin teatr mövsümünün repertuarına da daxil edilmişdir.
Tamaşadan sonra Anar tamaşaçılarla görüşmüş və Türkiyədə çıxan kitablarına avtoqraf yazaraq onlara bağışlamışdır.