İSTANBULDA AVRASİYA DÖVLƏTLƏRİ IX İQTİSADİ ZİRVƏ TOPLANTISI İŞƏ BAŞLAMIŞDIR
Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad olundu.
Ulu öndər Heydər Əliyevin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin qurulmasında xüsusi rolu vurğulanaraq, onun qurumun fəxri sədri olduğu və hazırda Prezident İlham Əliyevin bu vəzifəni yerinə yetirdiyi bildirildi.
Türkiyə Prezidenti Əhməd Necdət Sezərin toplantıya təbrik məktubu oxundu. Sonra Prezidentin İcra Aparatı ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin Avrasiya dövlətləri IX iqtisadi zirvə toplantısı iştirakçılarına təbrik məktubunu oxudu.
Səhər iclasında çıxış edən Vəqfin sədri Akkan Suver, Dünya Odalar Federasiyasının prezidenti Rona Yırcalı, İstanbul valisi Muammər Gülər, Rumıniyanın keçmiş Prezidenti İon İliyesku, Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl və başqaları Avrasiya dövlətləri IX iqtisadi zirvə toplantısının regionda sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın inkişafında mühüm rolu olacağına əminliklərini söylədilər.
Fasilədən sonra Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin və Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun sədrliyi ilə “Enerji məsələlərinə qlobal yanaşma” və “Bakı-Tbilisi-Ceyhan boru kəməri və alternativ enerji dəhlizləri” mövzularında müzakirələr aparıldı.