İQTİSADİYYAT
İstanbulda COMCEC-in 38-ci iclasının rəsmi açılış mərasimi keçirilib VİDEO




İstanbul, 28 noyabr, AZƏRTAC
Noyabrın 28-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İqtisadi və Ticari Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMCEC) 38-ci iclasının rəsmi açılış mərasimi keçirilib. Komitənin builki toplantısı “COVID-19 Pandemiyası işığında effektiv sosial yardımın təminatı və sosial-iqtisadi gücləndirmə” mövzusunda baş tutub.
AZƏRTAC xəbər verir ki, başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla tədbirin rəsmi açılış mərasimində İƏT-ə üzv və müşahidəçi ölkələr, təşkilatın Baş katibliyi və müvafiq qurumları, eləcə də bəzi beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Azərbaycan tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Noyabrın 26-da başlayan tədbirin ilk iki günü yüksək səviyyəli mütəxəssislərin iştirakı ilə “İqtisadi əməkdaşlıq sahəsində özəl sektorun rolunun artırılması”, “Maliyyə əməkdaşlığının dərinləşdirilməsi”, “Nəqliyyat və kommunikasiyanın təkmilləşdirilməsi”, “Davamlı və rəqabətli turizm sektorunun inkişafı”, “Kənd təsərrüfatı sektorunda səmərəliliyin artırılması və ərzaq təhlükəsizliyinin davamlılığının təmin edilməsi”, “Yoxsulluğun azaldılması”, “Rəqəmsal transformasiyada əməkdaşlıq” kimi bir sıra mövzular müzakirə olunacaq.
Tədbir Türkiyə Prezidentinin sədrliyi ilə davam edib.
Günel Məlik
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul