İQTİSADİYYAT
İstanbulun iş adamlarından ibarət nümayəndə heyəti AZPROMO-da olub

Bakı, 20 oktyabr, AZƏRTAC
İstanbul Sənayeçi və İş Adamları Dərnəkləri Federasiyasının (İSİFED) prezidenti Muammer Öməroğlunun rəhbərlik etdiyi türk iş adamlarından ibarət nümayəndə heyəti ilə İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) görüş keçirilib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, Agentliyin rəhbəri Yusif Abdullayev qurumun fəaliyyət istiqamətləri, hədəfləri, ölkəmizdə tətbiq olunan biznes və investisiyaların təşviqi mexanizmləri, “Made in Azerbaijan” brendinin təşviqi barədə məlumat verib, Qarabağ regionunda həyata keçirilən layihələrdə iştirakla bağlı müraciətlərdə Türk şirkətlərinin çoxluq təşkil etdiyini vurğulayıb.
Qeyd edilib ki, iki ölkə arasında Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər aparılır. Görüşdə, həmçinin bu ilin noyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Türkiyə biznes forumunun ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsinə töhfə verəcəyi diqqətə çatdırılıb.
İSİFED-in prezidenti Muammer Öməroğlu ölkələrimiz arasında qarşılıqlı ticarətin və investisiyaların artırılması üçün böyük potensialı qeyd edib, biznes dairələrini fəal əməkdaşlığa çağırıb.
Görüş zamanı AZPROMO və İSİFED arasında əməkdaşlıq, iş adamları arasında əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.