İQTİSADİYYAT
İstehlaka yararsız mallar məhv edilmişdir
Bakı, 24 avqust (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, monitorinqlər zamanı Binəqədi, Xəzər, Qaradağ, Nərimanov, Yasamal rayonlarında, həmçinin Sumqayıt, Göygöl, Göyçay, Goranboy, Lənkəran, Kürdəmirdə saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, habelə satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkar olunmuşdur.
Ümumilikdə, monitorinqlər zamanı 280 kiloqrama yaxın ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcəkdir.