CƏMİYYƏT
Göyçayda kollecdə yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Bakı, 23 may, AZƏRTAC
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Rayon prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı 2018-ci il yanvarın 1-dən 2023-cü il dekabrın 1-dək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən kollecin vəzifəli şəxsləri tərəfindən balansda olan nəqliyyat vasitələrinə heç bir təmir işləri aparılmadan ehtiyat hissələrinin və yanacağın əsassız olaraq məxaricə silinməsi, həmçinin yerinə yetirilməyən təmir və abadlıq işlərinin dəyərinin qəbul aktlarına daxil edilməsi və digər yollarla ümumilikdə 88 min manatdan çox pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.