Dövlət büdcəsindən bəzi qurumlara ayrılan vəsaitlərin əhəmiyyətli hissəsi onların bank hesabında qalıb
Bakı, 23 may, AZƏRTAC
Dövlət büdcəsindən bəzi qurumlara ayrılan vəsaitlərin əhəmiyyətli hissəsi onların bank hesabında qalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatına dair Hesablama Palatasının rəyində qeyd olunub.
Dövlət əsaslı vəsait qoyuluşu barədə İcmal Hesabata əsasən, təxminən 600 milyon manatdan çox dövlət büdcəsinin vəsaiti bank hesablarında qalıb. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış və maliyyələşdirilmiş vəsait barədə qurumların məlumatlarının seçmə qaydada təhlili 280 milyon manatın bank hesabında qaldığını deməyə imkan verir. Əlavə olaraq, subsidiya, məqsədli maliyyələşmə və digər istiqamətli xərclərin (seçmə qaydada qurumlar tərəfindən təqdim edilən məlumatlar əsasında) 200 milyon manatdan çoxu istifadəsiz saxlanılıb. Beləliklə, dövlət büdcəsinin icrasına daxil edilmiş minimum 1 milyard manatdan çox vəsait bank hesablarında istifadəsiz saxlanılıb.