İQTİSADİYYAT
Qazaxıstan 2028-ci ilə kimi liman infrastrukturunu inkişaf etdirəcək
Bakı, 23 may, AZƏRTAC
Qazaxıstan 2024-2028-ci illər üzrə dəniz infrastrukturunun inkişafı ilə bağlı kompleks plan qəbul edib.
AZƏRTAC Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, kompleks plan Aktau və Kurık limanları əsasında böyük dəniz nəqliyyatı və logistika klasterinin yaradılmasını nəzərdə tutur.
Bu işlərin həyata keçirilməsi konteyner tutumunun artırılmasına, yükdaşıma terminallarının və beynəlxalq nəqliyyat logistikasının inkişafına, həmçinin inzibati maneələrin minimuma endirilməsinə imkan verəcək.
Sənədə əsasən, bu il Kurık limanı akvatoriyasının dərinləşdirilməsi və Aktau limanında konteyner qovşağının tikintisi üzrə işlərə başlanılacaq.
Məlumata görə, layihələrin əsas hissəsi fərdi investisiyalar hesabına, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı çərçivəsində planlaşdırılmış yatırımlar hesabına həyata keçiriləcək.
Bununla da, 2028-ci ilə qədər limanların ötürücülük qabiliyyətinin 50 faiz artırılması planlaşdırılır. Həmçinin limanların konteyner aşırma qabiliyyəti 3 dəfə artacaq.