ELM VƏ TƏHSİL
Universitetdə “Könüllülük həftəsi” çərçivəsində intellektual oyun və film günü keçirilib
Bakı, 23 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) 105 və “BDU könüllüləri” təşkilatının 5 illik yubileyləri münasibətilə təşkil edilən “Könüllülük həftəsi” çərçivəsində “Kod Da Vinçi” intellektual oyunu və 28 May - Müstəqillik Günü münasibətilə film günü keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, “BDU könüllüləri”, “Miqrasiya könüllüləri”, “Gənc könüllülər” və “Könüllü gömrükçülər” təşkilatlarının iştirakı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində təşkil olunan “Kod Da Vinçi” intellektual oyununda hər bir komanda “Da Vinçi”nin zəncirvari 10 sualının “açar”larını tapmağa çalışıb. “Açar”ları hamıdan əvvəl tapan “Evrika” komandası turnirin qalibi olub. Qalib komandanın üzvləri sertifikat və medallarla təltif olunublar.
Film günündə Azərbaycan könüllüləri “Son iclas” filmini izləyərək fikirlərini bölüşüb, müzakirələr aparıblar.
Qeyd edək ki, mayın 29-dək davam edəcək “Könüllülük həftəsi” layihəsinin məqsədi tələbələrin şəxsi inkişafının təmin olunması, dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi, könüllülük dəyərlərinin aşılanmasıdır.