İstilik nasosları “Qazprom”un məhsulunu Almaniya bazarından sıxışdırıb çıxaracaqmı?
Berlin, 27 avqust, AZƏRTAC
İstilik nasosları Almaniyada qazın yandırılmasına əsaslanan isitmə sistemi üçün əsas rəqibə çevrilir. Elektrik enerjisinin köməyi ilə onlar soyuduculara bənzər, yalnız əks effektlə hərəkət edərək havadan soyuq və ya sudan istilik əmələ gətirirlər.
AZƏRTAC AFR-in Federal Statistika İdarəsinə istinadla xəbər verir ki, ötən il ölkədə 107200 yeni yaşayış evi tikilib. Diqqətəlayiq haldır ki, bu evlərin isidilməsindən ötrü yeni binaların üçdə ikisini bərpaolunan enerji mənbələrindən istifadə üçün avadanlıqla təchiz ediblər. Bütün yeni evlərin yarısında bərpaolunan enerji əsas istilik mənbəyinə çevrilib.
Rusiyadan Almaniyaya tədarük olunan təbii qazın böyük hissəsi binaların isidilməsinə sərf olunur. Yeganə və əsas istilik mənbəyi təbii qaz olan yeni evlərin payı 2018-ci ildə 43,0 faizədək aşağı düşüb. Bir il əvvəl bu göstərici 47,4 faiz, 2015-ci ildə isə 51,5 faiz təşkil etmişdi. Beləliklə, Almaniyanın mənzil tikintisində qazdan getdikcə daha az istifadə olunur. Buna görə də yeni yaşayış binalarındakı istilik sistemində qazın rolunun aşağı düşməsi və istilik nasoslarının populyarlığının artması Rusiyanın “Qazprom” dövlət şirkəti üçün mənfi tendensiya təşkil edir. Axı, Almaniya “Qazprom” üçün əsas ixracat bazarıdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin