QAN YADDAŞI
İSVEÇ-AZƏRBAYCAN STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİ XOCALI SOYQIRIMI İLƏ BAĞLI İSVEÇ PARLAMENTİNƏ MÜRACİƏT QƏBUL ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, İsveç-Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin (İASAM) sədri Məmmədrza Ağapur İsveç parlamentinin xarici əlaqələr komissiyasının üzvü və Avropa İttifaqındakı nümayəndəsi Hans Linde ilə görüşmüşdür.
Görüşdə İsveç-Azərbaycan münasibətlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılmışdır. Məmmədrza Ağapur ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, terror aksiyaları və Xocalı soyqırımı barədə ətraflı məlumat vermişdir. İsveçli deputata İASAM-ın müraciəti, “Erməni terroru” adlı kitab, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin surətləri, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən bəhs edən CD təqdim olunmuşdur.
İsveç parlamentinə ünvanlanmış müraciətdə Xocalı faciəsinin soyqırımı faktı, Ermənistanın isə işğalçı dövlət kimi tanınması, doğma yurd-yuvalarından məcburi köçkün düşmüş bir milyondan çox azərbaycanlının torpaqlarına qayıtmalarında və münaqişənin sülh yolu ilə, dövlətlərin ərazi bütövlüyü prinsipi çərçivəsində həllinə nail olunmasında səylərinin gücləndirilməsi xahiş olunur.