İsveçdə tullantıların idarə edilməsi sistemində cinayət halları artır
Stokholm, 3 oktyabr, Nərgiz Cəfərli, AZƏRTAC
İsveçin altı bələdiyyəsində tullantıların idarə olunması sistemində aparılan yoxlamalar zamanı nöqsanlarla yanaşı, cinayətlərin yüksək səviyyədə olduğu aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, Ətraf Mühitin Mühafizəsi Agentliyi polis və bir sıra digər orqanlarla birlikdə tullantılarla bağlı cinayətlərə qarşı mübarizə sahəsində hakimiyyət orqanları arasında birgə səyləri inkişaf etdirmək məqsədilə Linköpinq, Södertalye, Helsinqborq, Uppsala, Örebro və Stokholm bələdiyyələrində 139 zibil daşıyan maşına baxış keçirib.
Bəzi bələdiyyələrdə tullantıların daşınmasına icazənin olmaması və ya çeşidləmə tələblərinə əməl edilməməsi kimi çatışmazlıqlar qeydə alınıb. Bu araşdırma 47 polis hesabatı, qaydalara əməl olunması üzrə 20 bildiriş və ekoloji pozuntulara görə 10 cərimə ilə nəticələnib.
Avropa Komissiyasının 2021-ci il hesabatında göstərilir ki, İsveçdə tullantıların qeyri-qanuni idarə edilməsi hər il kriminal bazarına 200.000-600.000 dollar arasında gəlir gətirir ki, bunun da 100.000 dollardan bir qədər çoxu ətraf mühit üçün təhlükəli tullantılardan daxil olur.
Ekoloji cinayətlər üzrə mütəxəssis Henrik Forsbladın sözlərinə görə, tullantı sənayesi mütəşəkkil cinayətlərin getdikcə daha çox maraqlandığı bir sahəyə çevrilir.
Belə ki, 2020-ci ildə tullantıların təkrar emalı şirkəti “Think Pink” çeşidlənməyən tikinti tullantılarını icazəsiz poliqona atıb, bəzi hallarda isə torpağa basdırıb. İstintaq müəyyən edib ki, yüz minlərlə ton zəhərli tullantıların tərkibində ekoloji cəhətdən təhlükəli olan mis, qurğuşun və sink var ki, bu da xərçəng və ürək problemlərinə səbəb ola və gələcəkdə torpağı yararsız hala sala bilər.
Forsblad bildirib: “Think Pink” qalmaqalı ölkənin tullantı problemini işıqlandırmağa kömək etdi. Bu zərər gələcək nəsil tərəfindən aşkar olunacaq”.
Mütəxəssis bildirib ki, hazırda diqqət cinayətləri daha yaxşı açmaq üçün polis, bələdiyyələr, əyalət hökumətləri və ətraf mühit departamenti arasında əməkdaşlığın artırılmasına yönəldilib.