İSVEÇRƏDƏ AZƏRBAYCANIN İQTİSADİ SAHƏDƏ ƏLDƏ ETDİYİ NAİLİYYƏTLƏR XÜSUSİ QEYD OLUNMUŞDUR
Azərbaycanın Cenevrədəki daimi nümayəndəliyindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, mayın 6-da Azərbaycanın Dünya Ticarət Təşkilatının (DTT) üzvlüyünə qəbul olması üzrə Cenevrədə təsis edilmiş müvafiq işçi qrupunun beşinci görüşü keçirilmişdir.
Görüşdə ölkəmizi iqtisadi inkişaf naziri Heydər Babayevin və xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərliyi ilə İqtisadi İnkişaf, Xarici İşlər, Kənd Təsərrüfatı, Vergilər və Ədliyyə nazirliklərinin, Tarif Şurasının, Dövlət Gömrük və Dövlət Əmlakının İdarə Edilməsi üzrə dövlət komitələrinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin və Müəllif Hüquqları Agentliyinin rəsmilərinin daxil olduğu nümayəndə heyəti təmsil etmişdir.
İqtisadi inkişaf naziri H.Babayev görüşdə nitq söyləmiş və Azərbaycanın iqtisadi inkişaf sahəsində əldə etdiyi mühüm nailiyyətlər haqqında, habelə DTT üzvlüyünə qəbul olması prosesi çərçivəsində gördüyü işlərə dair ətraflı məlumat vermişdir.
ABŞ, Avropa İttifaqı, Paraqvay, Türkiyə, Oman, Yaponiya, Norveç və digər DTT üzvləri quruma üzvlüyə qəbulolma prosesində Azərbaycanı dəstəklədiklərini bəyan etmişlər. Daha sonra nümayəndə heyətinin üzvləri DTT üzvlərinin Azərbaycanın xarici ticarət rejiminə dair çoxsaylı suallarını cavablandırmışdır.
Görüşün sonunda Azərbaycanın bu günədək DTT üzvlüyünə qəbul olması istiqamətində həyata keçirdiyi işlər məqbul hesab edilmiş, DTT Katibliyi tərəfindən faktlar icmalının hazırlanmasına dair qərar qəbul olunmuşdur.
Mayın 6-da H.Babayev Oman və Birləşmiş Ərəb Əmirlikləri ilə ikitərəfli danışıqların bitməsi haqqında müvafiq protokolları imzalamışdır.
Səfər çərçivəsində H.Babayev DTT-nin Baş direktoru P.Lami, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi S.Paniçpakdi, Azərbaycanın DTT üzvlüyünə qəbul olması üzrə işçi qrupunun sədri səfir V.Levalter və ABŞ-ın DTT yanındakı daimi nümayəndəsi səfir Alqayirlə də görüşlər keçirmişdir.
Həmçinin səfər zamanı DTT-nin bir sıra üzvləri ilə ikitərəfli danışıqlar aparılmışdır. Xarici işlər nazirinin müavini M.Məmmədquliyevin rəhbərlik etdiyi danışıqçılar qrupu mayın 5-də ABŞ-la ikitərəfli danışıqlar aparmışdır. May ayının 7-də Ekvador, Yaponiya və Çinin Tayvan əyaləti ilə ikitərəfli danışıqların keçirilməsi nəzərdə tutulmuşdur.