İDMAN
İtaliya idmançısı: Bakı Atıcılıq Mərkəzi kimi bir idman meydançası hər ölkədə yoxdur
Bakı, 21 iyun, Əziz Məmmədov, AZƏRTAC
Hər bir idmançını yarışdan-yarışa aparan qələbədir. Buna görə də birinci Avropa Oyunlarına çox ciddi hazırlaşmışdım. Nəticəmdən çox razıyam. Avropa Oyunlarında qızıl medal qazanmağım gündəlik məşqlərdə yüksək hazırlığın nəticəsidir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində kişilər arasında dairəvi stenddə atəşaçma (skit) üzrə birinci Avropa Oyunlarının qızıl medalını almış İtaliya idmançısı Valerio Lukini söyləyib.
Ölkəmiz barədə danışan italiyalı idmançı Bakının onda xoş təəssürat yaratdığını bildirib. “Görünür, Azərbaycan Avropa Oyunlarına əsaslı surətdə hazırlaşıb. Ən qısa müddətdə arxitektura baxımından çox mürəkkəb idman tikililəri yaradılıb. Onların arasında Bakı Atıcılıq Mərkəzini xüsusi qeyd etmək istəyirəm. İnanın ki, Bakı Atıcılıq Mərkəzi kimi bir idman meydançası hər ölkədə yoxdur”,-deyə Valerio Lukini vurğulayıb.