İTALİYADA SEÇKİQABAĞI KAMPANİYA BAŞA ÇATMIŞDIR: İTALİYALILARIN XOŞBƏXT HƏYATINI KİM TƏMİN EDƏCƏKDİR?
İtaliyada seçkiqabağı kampaniya başa çatmışdır. Yaxın 5 ildə ölkənin idarə olunmasının məhz onlara etibar olunacağını iddia edən iki əsas qüvvə müəyyən edilmişdir. Bunlardan biri təkcə İtaliyada deyil, bütün dünyada yaxşı tanınmış siyasətçi və sahibkar Silvio Berluskoninin rəhbərlik etdiyi “Azad xalq” bloku, digəri - bu yaxınlarda yaradılmış, nisbətən gənc xarizmatik siyasətçi, son vaxtlara qədər Romanın meri olmuş Valter Veltroninin başçılıq etdiyi Demokratik Partiyadır. Başqa sözlə desək, əsas mübarizə sağçı və solçu mərkəzçi qüvvələr arasında gedəcəkdir.
Ümumiyyətlə, ölkənin baş naziri vəzifəsinə 32 nəfər siyasətçi iddia edirdi, lakin onların mənsub olduğu partiyaların heç də hamısı parlamentə keçmək üçün zəruri olan 4 faizlik həddi aşa bilməmişdir.
Lap son günə qədər aparılmış ictimai rəy sorğuları Silvio Berluskoninin müəyyən qədər üstünlüyə malik olduğunu göstərmişdir. Onun yaratdığı seçki blokuna rəhbəri olduğu “İrəli, İtaliya!” və Milli Alyans partiyaları, Şimal Liqası və Muxtariyyət Hərəkatı daxildir. Veltroninin bayraqları altında birləşən qüvvələr isə “Marqaritka” (“Qızçiçəyi”) hərəkatı, Solçu Demokratlar Partiyası və “Dəyərlər İtaliyası” partiyasıdır.
Sorğuların nəticələrinə baxmayaraq, Veltroni solçu qüvvələrin qalib gələcəyinə inanır. O, Romada keçirilmiş son mitinqdə demişdir: “Berluskoni idda edir ki, bizim qalib gəlməyimiz üçün möcüzə baş verməlidir. Biz bu möcüzəni öz əlimizlə yaradacağıq”. Veltroni xatırlatmışdır ki, bundan əvvəlki seçkilərdə də rəy sorğuları Berluskoniyə üstünlük verirdi, lakin o dəfə Prodi qalib gəldi. Demokratlar seçicilərə İtaliya siyasətində yeniliklər vəd edirlər. Bu yeniliklər sosial nemətlərin daha ədalətli bölünməsini, dövlət aparatının və səmərəsiz xərclərin azaldılmasını, vergi yükünün yüngülləşdirilməsini nəzərdə tutur.
İtaliyada “Kavalyere” adı ilə də məşhur olan Berluskoni də həmvətənlərinə “dolçe vita” (şirin həyat) təmin edəcəyini, korrupsiyaya, səriştəsiz məmurlara qarşı mübarizə aparacağını, sosial təminatın yaxşılaşdırılacağını vəd edir. Lakin Veltronidən fərqli olaraq Berluskoni artıq hakimiyyətdə olmuş və dediklərimin heç birini etməmişdir. Bundan əlavə, o, müxtəlif dələduzluqlara görə dəfələrlə məhkəməyə vermişdir.
Əslində, bu seçkilərdə qalib gələcəyi təqdirdə onların nə Berluskoni, nə də Veltroninin işi heç də asan olmayacaqdır. Seçkilərin qalibi ölkəni həm İtaliyanın özündə yol verilmiş səhvlər, həm də dünya maliyyə böhranı ucbatından düşmüş olduğu ağır vəziyyətdən çıxarmalı olacaqdır. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə yaxın 5 ildə İtaliyada ÜDM artımı sıfıra bərabər olacaqdır. Başqa maliyyə ekspertlərinin dediklərinə görə isə, ölkəni sadəcə durğunluq deyil, böhranın daha da kəskinləşməsi gözləyir.
Yerli siyasi müşahidəçilər Berluskoninin hakimiyyətə gələcəyi təqdirdə ölkə qarşısında duran problemləri köhnə metodlarla həll etməyə çalışacağını güman edirlər. Bu isə müxalifətlə həmkarlar ittifaqları arasında ciddi qarşıdurma, işsizliyin artması, ölkədə sosial vəziyyətin gərginləşməsi deməkdir. “Repubblika” qəzeti yazır: “Bunların baş verməməsi üçün 52 yaşlı Veltroniyə şans verilməlidir. Təsadüfi deyildir ki, onu ABŞ siyasətində yeni əhvalın təcəssümçüsü olan Barak Obama ilə müqayisə edirlər. İtaliyanı bir daha Berluskoniyə etibar etmək lazım deyil, biz artıq bunun şahidi olmuşuq”.