İtaliyadakı tədbirdə Azərbaycan prokurorluq orqanlarında aparılan islahatlardan danışılıb
Bakı, 17 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Baş prokurorunun müavini Elmar Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı “Tvinninq” layihəsi çərçivəsində İtaliya Respublikasında tədris turunda iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Tədris kursunda İtaliyanın aktivlərin aşkarlanması, izlənməsi, bərpası, idarə edilməsi və maliyyə istintaqına dair təcrübəsi yaxından öyrənilib.
Səfər çərçivəsində İtaliyanın Maliyyə Qvardiyasında, həmin qurumun Valyutanın saxtalaşdırılmasına qarşı Mübarizə üzrə xüsusi Xidmətində, “Beynəlxalq əməkdaşlıq Xidməti” (SCİP) ilə keçirilən görüşlərdə mütəşəkkil cinayətkar qrupların cinayət aktivlərinin müəyyənləşdirilməsi, üzərinə həbs qoyulması, bərpası və istifadəyə yönləndirilməsi, çirkli pulların yuyulması və maliyyə cinayətləri ilə mübarizədə istintaq metodologiyası və müsadirə alətləri və digər mövzularda çıxış, təqdimatlar edilib və müzakirələr aparılıb.
Həmçinin Maliyyə Qvardiyasının Mütəşəkkil Cinayətkarlığın İstintaqı Xidməti tərəfindən cinayət yolu ilə əldə olunan əmlakın aşkarlanması, izlənməsi və bərpası, aktivlərin idarə edilməsi mövzusunda çıxışlar edilib, qurumun “Molecula” məlumat bazasının təhlilinə dair məlumat verilib.
Görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyələrinə uyğun olaraq prokurorluqda davam etdirilən hüquqi islahatlara, həmçinin Müzəffər Ali Baş komandanın rəhbərliyi ilə şücaətli ordumuzun 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında saxlanılan əraziləri azad etmələrinə dair məlumat verilib.