İtaliyalı professor Bakı Dövlət Universitetində
Bakı, 5 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) fizika fakültəsində İtaliyanın Pavia Universitetinin professoru Lorenzo Makkonen ilə görüş olub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov Kvant nəzəriyyəsi sahəsində beynəlxalq aləmdə tanınmış mütəxəssis olan Lorenzo Makkonen haqqında məlumat verib, onun dəyərli kitabların və müxtəlif bazalarda indekslənən jurnallarda (Web of Science, Scopus, Google Scholar və s.) dərc edilmiş elmi məqalələrin müəllifi olduğunu bildirib.
Dekan Lorenzo Makkonenin fakültənin tələbə, magistrant və doktorantlarına “Kvant mexanikası”, “Seçilməzlik prinsipi”, “Kvant nəzəriyyəsi”, “Bell nəzəriyyəsi”, “Postulatlar” mövzularında mühazirələr oxumasını yüksək dəyərləndirib.
Görüşdə universitetlərarası əlaqələrin əhəmiyyəti, birgə layihələrin davam etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Sonra L.Makkonen BDU-nun Nanoaraşdırmalar Mərkəzində olub, həyata keçirdiyi layihələr barədə məlumat verib, “Kvant texnologiyası və onun müasir aspektləri” mövzusunda mühazirə oxuyub.