İ.VİNER: AZƏRBAYCANLI GİMNASTLARIN UĞURLARI RESPUBLİKA GİMNASTİKA FEDERASİYASININ GƏRGİN İŞİNİN NƏTİCƏSİDİR
Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının uğurları yaxşı perspektivlərdən xəbər verir və gələcəyə nikbinliklə baxmağa imkan yaradır. Bunu AZƏRTAC-ın xüsusi müxbiri ilə müsahibəsində gimnastlarımızın martın 2-4-də Moskvada keçirilən “Qran-pri Moskva-2007” Kuboku və 8 Mart - Beynəlxalq qadınlar gününə həsr olunmuş yarışlarındakı çıxışlarını şərh edən Rusiyanın bədii gimnastika üzrə yığmasının baş məşqçisi İrina Viner bildirmişdir.
İ.Viner demişdir ki, Moskva turnirləri Azərbaycan Gimnastika Federasiyasının, yığmanın məşqçilərinin və üzvlərinin böyük və gərgin işinin nəticəsidir. Çoxnövçülükdə təsnifat yarışlarında Aliyə Qarayeva böyük uğur qazanmış və haqlı olaraq bürünc mükafat almışdır. İ.Viner onu da vurğulamışdır ki, “Qran-pri Moskva” turniri çərçivəsində 8 Mart - Beynəlxalq qadınlar gününə həsr olunmuş beynəlxalq turnirdə Dinara Gimatova üçüncü yeri tutmuş və Azərbaycan gimnastları iki dəfə fəxri kürsüyə qalxmışlar, halbuki Ukrayna və Belarusdan çox güclü komandalar iştirak edirdilər. İ.Viner demişdir: “Azərbaycan bu gün çox yaxşı nəticə, maraqlı proqramlar nümayiş etdirmişdir. Bunun mövsümün başlanğıcı olduğunu nəzərə alsaq, görərik ki, bu il Bakıda keçiriləcək Avropa çempionatı üçün yaxçı zəmin yaranmışdır və gimnastlarınız öz azarkeşlərini sevindirəcəklər”.
İ.Viner Azərbaycan yığmasının yaxşı perspektivləri olduğunu, lakin bunun üzərində işləməyin vacibliyini vurğulamışdır. O demişdir: “Zənnimcə, məşqçilərin yaxşı potensialı olsa və gimnastlar onların tələblərini səliqə ilə yerinə yetirsələr, onlar Avropa və dünya çempionatlarında layiqincə çıxış edəcək, fəxri yerlər tutacaq, Azərbaycanın bayrağını qaldıracaq və əlbəttə, Olimpiya oyunlarına vəsiqə qazanacaqlar”.