İZİA sədri: Hazırda 22 rayon üzrə 24 aqroparkın yaradılması istiqamətində işlər görülür
Bakı, 16 fevral, AZƏRTAC
Ötən ilin yanvar ayından aqroparkların reyestrinin aparılması, həmçinin orada fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi ilə bağlı işlərə başlanılıb. Bununla əlaqədar 2-si dövlət, 22-si özəl olmaqla ümumilikdə 24 aqropark qeydiyyata alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyində 2023-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.
Qeyd edilib ki, hazırda 22 rayon üzrə 66 min hektar ərazidə 24 aqroparkın yaradılması istiqamətində işlər görülür: “Bu günədək 58,6 min hektar ərazidə 22 aqropark fəaliyyətə başlayıb, 2 aqroparkda isə tikinti-quraşdırma işləri aparılır. Aqroparklardan 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 11-i əkinçilik, 1-i isə çeşidləmə, qablaşdırma və logistika üzrə ixtisaslaşıb. Aqroparkların ümumi layihə dəyəri 1,2 milyard manat təşkil edir. Bununla yanaşı, aqroparkların yaradılması və ya fəaliyyətlərinin genişləndirilməsi məqsədilə 147 milyon manat dövlət dəstəyi göstərilib”.
İndiyədək 14 aqroparkın yaradılmasına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 131 milyon manat güzəştli kredit ayrıldığını qeyd edən Seymur Adıgözəlov investisiya təşviqi sənədi verilmiş 18 aqropark tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 16,1 milyon manat dəyərində güzəşt əldə edildiyini vurğulayıb.
“Qeydiyyata alınan aqroparklarda ümumilikdə 5000 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulub. Hazırda aqroparklarda 2660 nəfərdən çox insan daimi işlə təmin edilib, 4300 nəfərədək insan isə mövsümi işlərə cəlb edilib. Gələcəkdə əlavə 2300-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur”, - deyə İZİA sədri əlavə edib.