İZİA: Sənaye zonaları üzrə 142 sahibkarlıq subyektinə rezidentlik statusu verilib
Bakı, 16 fevral, AZƏRTAC
İndiyədək sənaye zonaları üzrə 142 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyində 2023-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.
O qeyd edib ki, sahibkarlar tərəfindən sənaye zonalarına 6,6 milyard manatdan çox investisiya yatırılıb, 10 mindən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 830 milyon manatadək investisiyanın yatırılması, 7 mindən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.
"Sənaye zonaları üzrə indiyədək ümumilikdə 12,1 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 3,9 milyard manatlıq və ya 32,2 faizə yaxın hissəsi ixrac olunub. 2023-cü ildə sənaye zonalarının rezidentləri tərəfindən 3,3 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 989 milyon manatı ixracın payına düşür. 2022-ci illə müqayisədə satış 12,5 faiz artıb. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 18,6 faiz, ixracında isə 23,6 faiz təşkil edib. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 65-dən çox ölkəsinə (Kanada, ABŞ, BƏƏ, Çin, Hindistan, İsrail, İspaniya, İtaliya, Avstriya, İngiltərə, Braziliya və s. ölkələrə) ixrac edilib", - deyə S.Adıgözəlov diqqətə çatdırıb.