Jewish Journal: Şimon Peresin ölümü Azərbaycanı kədərləndirdi
Vaşinqton, 6 dekabr, AZƏRTAC
ABŞ-da çıxan “Jewish Journal” qəzetində Azərbaycan Dağ Yəhudiləri dini icmasının başçısı Milix Yevdayevin “Lider və dost: Şimon Peresin ölümü Azərbaycanı kədərləndirdi” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə İsrail Prezidenti Şimon Peresin vəfatından, onun Azərbaycana səfərlərindən və Azərbaycan-İsrail əlaqələrindən danışılır.
M.Yevdayev yazır ki, 2013-cü ildə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılığı ilə İsrailə səfər edən rəsmi nümayəndə heyətinin tərkibində ilk dəfə Şimon Pereslə görüşüb. O, Azərbaycanın Baş nazirinin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Şimon Peresin dəfn mərasiminə də qatılıb. Müəllif yazır ki, 2013-cü ildə İsrailin təcrid olunması üçün təzyiqlərə məruz qalmasına baxmayaraq, Azərbaycan sadiq dost kimi İsrailə nümayəndə heyəti göndərib və Azərbaycan-İsrail münasibətlərini möhkənləndirib.
M.Yevdayev daha sonra yazır ki, Prezident Şimon Peres Azərbaycanda bir neçə dəfə olub. Məqalədə Ş.Peresin Azərbaycana birinci səfərindən də danışılır. Həmin vaxt onun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycana İsrailin 60 məmuru və iş adamı gəlmişdi. Şimon Peres Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Dağlıq Qarabağ probleminə də toxunub. O deyib ki, İsrailin və Azərbaycanın dost ölkə olmaları ona qürur verir. Fəxr edir ki, ölkələrimiz sülh siyasəti yürüdür və qonşu dövlətlərlə sülhə nail olmaq üçün əllərindən gələni edirlər.
Şimon Peresin vəfatından sonra Prezident İlham Əliyev İsrailin Azərbaycandakı səfirliyinə gəlib, İsrail Dövlətinin indiki Prezidenti Reuven Rivlinə məktubunda Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton