“Jurnalist vətənpərvərliyi - gəncliyə örnək” adlı tədbir maraqla qarşılanıb
Naxçıvan, 10 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində Jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin təşkilatçılığı ilə “Jurnalist vətənpərvərliyi - gəncliyə örnək” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, şəhidlərin əziz xatirəsini yad edən tələbələr işğaldan azad olunan rayon və kəndlərimiz üçün arzu və istəklərini dilə gətiriblər. Tələbələrin hazırladığı çıxışların videotəqdimatlarla nümayiş olunması tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tələbələr bədii qiraət nümunələri səsləndirib, musiqi bacarıqlarını nümayiş etdirib, “Vətən yaxşıdır”, “Azərbaycan”, “Anadır arzulara hər zaman Qarabağ” mahnılarını ifa ediblər.
Universitetin rektoru Elbrus İsayev tələbələrin təşəbbüsünü alqışlayıb, vətənpərvərlik və dövlətçilik ruhunda keçirilən tədbirlərin gənclərin mənəvi tərbiyəsində mühüm amil olduğunu qeyd edib. Rektor gənclərə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən igidlərimizi heç vaxt unutmamağı, onların xatirəsini daim uca tutmağı tövsiyə edib. Bu istiqamətdə jurnalistlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyən Elbrus İsayev gələcəyin jurnalistlərinə vətənpərvərliyin ən fəal və layiqli təbliğatçısı olmağı arzulayıb.