Karantin postundan kənar yollarla keçməyə cəhd göstərən sürücülər saxlanılıblar
Bakı, 30 dekabr, AZƏRTAC
Dekabrın 29-da saat 15 radələrində Bakı-Quba yolunun 52-ci kilometrliyində qurulmuş xüsusi karantin postunda Quba rayonu istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırmalar zamanı sürücü Nəsimi Əliyevin müvafiq icazəsi olmadığından avtomobil Bakı şəhəri istiqamətinə geri qaytarılıb. Lakin sonradan müşahidə kameraları vasitəsilə həmin avtomobilin Quba rayonundan Bakı şəhəri istiqamətində hərəkət etməsi aşkarlanıb. Saat 18 radələrində nəqliyyat vasitəsi saxlanılıb.
N.Əliyevin Sumqayıt şəhər sakini Balami Hüseynov tərəfindən 120 manat müqabilində karantin postundan kənar yollarla Xızı rayonu ərazisindən keçirilməsi müəyyən olunub.
Həmin gün vətəndaş Paşa Abdullayev də idarə etdiyi “Renault” markalı avtomobillə Xızı rayonu ərazisindən karantin postundan kənar yollarla keçdiyi müəyyən edilib və polis əməkdaşları tərəfindən saxlanılıb. Onun da B.Hüseynov tərəfindən 100 manat müqabilində karantin postundan kənar yollarla keçirilməyə cəhd göstərməsi müəyyən edilib.
Hər iki sürücü və B.Hüseynov saxlanılaraq inzibati qaydada həbs olunublar.