“Karantin vəziyyətində sağlamlıq imkanları məhdud uşaqların psixoloji reabilitasiyası” mövzusunda onlayn müzakirə təşkil olunub
Bakı, 30 aprel, AZƏRTAC
Sağlamlıq imkanları məhdud uşaqlar üçün ailədə, ev mühitində qayğının təmin edilməsi hazırkı karantin dövründə xüsusi əhəmiyyət kəsb edir. Həmin kateqoriyadan olan uşaqlar üçün interaktiv inkişaf dərsləri və ünsiyyətqurma bacarıqları üzrə tövsiyələrin əhəmiyyətini nəzərə alaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “facebook” səhifəsində valideynlər üçün “Karantin vəziyyətində sağlamlıq imkanları məhdud uşaqların psixoloji reabilitasiyası” mövzusunda onlayn müzakirə keçirilib.
Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, müzakirədə iştirak edən nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Səbinə Babazadə və psixoloqu Aysel Musayeva karantin şəraitində valideynlərin uşaqlara daha həssas yanaşmasının vacibliyini vurğulayıblar. Valideynlərə daha səbirli olmaq, uşaqlarla danışarkən səs tonuna diqqət yetirmək, yüksək səs tonundan çəkinmək tövsiyə olunub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Cəmilə Bağırova və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin psixoloqu Günay Bədəlzadə valideynləri təmkinli olmağa dəvət ediblər. Qeyd olunub ki, valideynlərin karantin şəraitinə gərək olduğundan daha artıq aqressiv reaksiya verməsi uşaqlara da təsir göstərir.
Mütəxəssislər valideynlərin suallarını cavablandırarkən diqqətə çatdırıblar ki, ailədə sağlam psixoloji mühitin yaradılması, qorxu və təşvişin minimuma endirilməsi, karantin rejimi qaydalarına ciddi riayət olunması koronavirusdan qorunmaq üçün ən vacib tövsiyələrdir.