İDMAN
Karolina Villeqas: “Əgər güclü külək şəraitində 10 xal qazansanız, deməli, ustasınız”
Bakı, 11 iyun, AZƏRTAC
Birinci Avropa Oyunlarında kamandan oxatma üzrə yarışlar iyunun 16-dan 22-dək Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Kişilər və qadınlar arasında keçirilən kamandan oxatma yarışı idmançıların 70 metr məsafədən 122 santimetr uzunluğunda oxları hədəfə doğru yönəltdikləri dəqiq idman növüdür. Maksimum 10 xalla qiymətləndirilən, mərkəzi qızılı rəngdə olan halqanın diametri 12,2 santimetrdir.
AZƏRTAC xəbər verir ki, “Bakı-2015” ilk Avropa Oyunlarında keçiriləcək kamandan oxatma yarışları üzrə menecer Karolina Villeqas oyunların gərgin mübarizə şəraitində keçəcəyi ilə yanaşı, çətinliklərin də olacağını vurğulayıb. O, yaranacaq çətinliklərin idmançılar üçün problem olmayacağı qənaətindədir: “İdmançılar bilirlər ki, bu problemin öhdəsindən gəlməlidirlər. Yarışın çətin və ya asan olduğunu öyrənməlidirlər”.
Onun fikrincə, yaranacaq bu maneələr təkcə Bakı şəhəri üçün xarakterik deyil. Belə ki, bu, açıq idman növüdür və yarışların güclü küləyə uyğunlaşdırılması oxatanların üzləşməli olduğu problemdir. “Bu vəziyyət haqqında uzun müddətdir ki, düşünürük, külək, həqiqətən, vəziyyəti çətinləşdirir. Bakı küləklər şəhəridir və inanıram ki, oyunlar qeyri-adi olacaq. Əgər güclü külək şəraitində 10 xal qazansanız, deməli, ustasınız”, - deyə Karolina Villeqas bildirib.
Xatırladaq ki, kamandan oxatma yarışlarında 39 ölkədən 64-ü qadın və 64-ü kişi olmaqla, 128 idmançı iştirak edəcək.