KAZANDA II BEYNƏLXALQ MÜSƏLMAN KİNOSU FESTİVALI KEÇİRİLƏCƏKDİR
Festivalın prezidenti, Rusiya Müftilər Şurasının başçısı Ravil Qaynutdin bildirmişdir ki, minbər islam aləmində moizə oxunan kürsüdür və bu, rəmzi məna daşıyır. Kinematoqrafçılar sülh və işıq carçıları olmalıdırlar. Müsəlman kinosu festivalında dəhşət, döyüş filmləri, habelə digər konfessiyaların nümayəndələrinin hisslərinə toxunan filmlər nümayiş etdirilməyəcəkdir.
Festivalın baş direktoru Zaudi Mamirqov demişdir ki, filmlərin seçilməsində peşəkarlıq və ümumbəşəri mənəvi-əxlaqi dəyərlərin təbliği başlıca meyar kimi götürülür. Onun sözlərinə görə, festivalın devizi bu yaxınlarda dünyanı lərzəyə gətirmiş karikatura qalmaqalı, dünyada islama nifrətin artması ilə bağlıdır. Tədbirin təşkilatçıları dini dözümlülüyə və əməkdaşlığa çağırmaqla ksenofobiya və dini ekstremizmlə mübarizəyə öz töhfəsini vermək niyyətindədirlər.
Z.Mamirqov demişdir ki, bundan sonra “Qızıl minbər” hər il Kazanda keçiriləcəkdir, çünki Kazan İslamın müxtəlif konfessiyaları nümayəndələrinin dinc yanaşı yaşadığı şimal paytaxtıdır.
Müsabiqə üç nominasiyada - bədii, sənədli filmlər və animasiya filmləri nominasiyalarında keçiriləcəkdir. Festivala artıq 30 film göndərilmişdir. İran kinematoqrafçıları “Qızıl minbər”ə daha çox maraq göstərirlər. Festivalda iştirak etmək üçün sifarişlər iyun ayının sonunadək qəbul olunacaqdır.