KƏND TƏSƏRRÜFATI MƏHSULLARI YETİŞDİRİLMƏSİ VƏ EMALI MÜƏSSİSƏLƏRİ YARADILACAQ
Nümayəndəliyin başçısı Yuri Şedrin AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Rusiyanın tərəvəzçi mütəxəssisləri və istehlakçıları Azərbaycanın “vitaminli” məhsullarını, əvvəllər olduğu kimi, bu gün də yüksək qiymətləndirirlər.
Y.Şedrin demişdir: “Bununla əlaqədar Rusiya və Azərbaycanın birgə kapitalı əsasında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və emalı, Rusiyaya göndərilməsi üçün müəssisələr yaradılmasına dair layihələr və konkret təkliflər var. Bu, ticarət-iqtisadi əlaqələri daha da genişləndirməkdə çox mühüm vasitədir”.
Birinci dərəcəli vəzifələrə gəldikdə, onun sözlərinə görə, indi Rusiya Federasiyası hökumətinin sədri Mixail Fradkovun yaxın vaxtlarda Bakıya səfərinə hazırlıq görülür. Y.Şedrin demişdir: “Fradkov Azərbaycanda Rusiya İlinin bağlanışı mərasimində iştirak edəcəkdir. İstər Azərbaycan, istərsə də Rusiya tərəfinin fikrincə, bu tədbir kifayət qədər uğurla keçir. Bu, təkcə dövlətlərimizin liderlərinin deyil, həm də ictimaiyyətin və siyasi dairələrin fikridir. Mehriban qonşulara xas olaraq, dialoqumuz getdikcə daha geniş və açıq xarakter daşıyır”. M.Fradkovun səfəri zamanı ikitərəfli müqavilə-hüquq bazasını möhkəmləndirən, Rusiya ilə Azərbaycan arasında kapitalların, maliyyə vəsaitinin və əmək ehtiyatlarının qarşılıqlı hərəkətinin üzləşdiyi maneələri aradan qaldırmağa imkan verən sazişlər paketinin imzalanacağı gözlənilir. Bu səfər ticarət-iqtisadi və humanitar əlaqələrə yeni təkan verəcəkdir.