KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNDƏ AFR NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ
Nazir qonaqları səmimi salamlayaraq xatırlatmışdır ki, xalqlarımızın böyük tarixə malik dostluq və əməkdaşlıq əlaqələri olmuşdur. Hələ 1818-ci ilin sonlarında Vürtemberqdən köçüb gəlmiş 488 ailə Gəncə yaxınlığında alman koloniyaları Yelendorfu (indiki Xanlar şəhəri), Annenfeldi (indiki Şəmkir şəhəri), 1888-ci ildə Georqsfeldi, Eygenfeldi, Ağstafa rayonunda isə Grünfeldi salmışlar. Onlar burada üzümçülüyü və şərabçılığı inkişaf etdirməklə yanaşı, əraziyə yeni əkinçilik və təsərrüfat mədəniyyəti gətirmişlər. Burada tikilmiş şərab və konyak zavodlarının yüksək keyfiyyətli məhsulları Avropada, xüsusilə Fransa və Almaniyada yaxşı tanınmışdır. Həmin müəssisələr bu gün də fəaliyyət göstərirlər.
İsmət Abasov Almaniya Texniki Əməkdaşlıq Təşkilatının (GTZ) təşəbbüsü ilə respublikamızda reallaşdırılan layihələri, 2003-cü ildən başlayaraq aqrar sahə üzrə kadr hazılığı ilə bağlı gördüyü işləri xatırlatmışdır. O xüsusi vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin sentyabrında Almaniyaya rəsmi səfəri iki ölkə arasında əməkdaşlığın dinamik inkişafına təkan vermişdir. Natiq ekoloji kənd təsərrüfatı sisteminin yaradılması, yoxsulluğun azaldılması, əhalinin genetik modifikasiya edilmiş ərzaq məhsulları ilə təminatının azaldılması, ətraf mühitin, o cümlədən genetik ehtiyatların qorunması və alternativ enerji növlərindən istifadə ilə bağlı həyata keçirilən tədbirlərdən, bu sahədə reallaşdırılan dövlət proqramlarından danışmışdır.
Nazir əmin olduğunu bildirmişdir ki, aqrar sahədə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin potensialından xalqımızın gələcəyi naminə istifadə olunmasına şərait yaradacaqdır. O, alman iş adamlarının aqrar sahədə iştirakı üçün əlverişli şərait yaradılacağını vəd etmişdir.
Astrid Kluq səmimi qəbula görə təşəkkür etmiş, Azərbaycan Prezidenti ilə görüşdüyünü, ölkə başçısının ətraf mühitin qorunmasına göstərdiyi qayğı və diqqətin onda xoş təəssürat oyatdığını bildirmişdir. Qonaq sahə ilə bağlı hazırlanmaqda olan proqramları xatırlatmış, texniki yardım məqsədi ilə alman mütəxəssislərinin Azərbaycana qısa və uzunmüddətli səfərlərinin mümkünlüyünü qeyd etmişdir.