REGİONLAR
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaçmazda vətəndaşları qəbul edib
Bakı, 9 fevral, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov fevralın 9-da Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Xaçmaz rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən fermerlərə subsidiyanın verilməsi, işlə təminat, dövlət qulluğuna qəbul qaydaları, lizinq yolu ilə texnika əldə edilməsi, taxılın qiyməti, torpaq sahəsinin sənədləşdirilməsi, örüş sahəsinin ayrılması, suvarmada yaranan çətinliklər və digər məsələlərlə bağlı olub.
Şöbə müdiri İlham Süleymanov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
İlham Süleymanov vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.
Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Vətəndaş qəbulu başa çatdıqdan sonra İlham Süleymanov Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, iş prosesinin təşkili ilə maraqlanıb.