Keşlə və “NZS” qəsəbələrində oğurluq və narkotik dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar
Bakı, 18 fevral, AZƏRTAC
Nizami rayonu Keşlə və “NZS” qəsəbələrində mağazalardan oğurluqlar edən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nizami rayonu Keşlə qəsəbəsində yerləşən marketlərdən silsilə oğurluq edilib. Naməlum şəxslər obyektlərə daxil olaraq orada olan kassa aparatı, pul, tütün məmulatları və saxlanc yerindən dəyəri 900 manat olan bir fotoaparat oğurlayıblar. Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Alıbəy Abdurəhimov, Ədhəm Alubeydi və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb. Bu şəxslərin mağazalardan oğurluqlar etməsi təhlükəsizlik kameraları vasitəsilə anbaan lentə alınıb.
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə Keşlə və “NZS” qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Orxan Alıyev saxlanılıb. Bu şəxsdən narkotik vasitə heroin və metamfetamin aşkar edilib. O, ifadəsində narkotikləri Peyman adlı şəxsdən aldığını bildirib. Bölmə əməkdaşları tərəfindən Peyman Əliyev də saxlanılıb. Onun üstündən isə bir kiloqrama yaxın heroin və marixuana aşkar edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.