Kirsan İlyumjinov və FIDE-nin Prezident Şurası qarşılıqlı ittihamlardan imtina ediblər
Bakı, 11 aprel, AZƏRTAC
Afinada Beynəlxalq Şahmat Federasiyasının (FIDE) növbədənkənar iclası keçirilib. İclasda Kirsan İlyumjinovun mümkün istefası məsələsi müzakirə edilib.
İclasın nəticələrinə görə, K.İlyumjinov növbəti seçkilərə qədər FIDE-nin başçısı vəzifəsini saxlayacaq, amma maliyyə fəaliyyəti və müqavilələrin imzalanması vəzifələrini FIDE-nin vitse-prezidenti Georgios Makropulos icra edəcək. Bu qərar ABŞ Maliyyə Nazirliyinin K.İlyumjinova tətbiq etdiyi qadağalarla bağlıdır.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, G.Makropulos və FIDE-nin İdarə heyətinin bir neçə üzvü yaranmış vəziyyəti şərh edərək bildiriblər ki, FIDE-nin Prezident Şurasının 2017-ci il 26 mart tarixli iclası zamanı heç kəs K.İlyumjinovun istefasını istəməyib və onu vəzifəsindən kənarlaşdırmağa çağırmayıb. G.Makropulos bildirib ki, FIDE Rusiya Şahmat Federasiyası (RŞF) ilə də çox yaxşı münasibətlər saxlamağa çalışır.
Nəticədə Prezident Şurası və Kirsan İlyumjinov qarşılıqlı ittihamlardan imtina ediblər. K.İlyumjinov Şuranın üzvləri və FIDE-nin rəhbərləri barədə kəskin bəyanatlarına görə üzr istəyib. Şura belə bir məsələdə yekdil olub ki, FIDE-nin Katibliyinin ilkin razılığı olmadan FIDE adından heç bir bəyanat verilə və FIDE-ni təmsil etmək niyyəti ola bilməz. Həmçinin yekdilliklə qərara alınıb ki, tərəflər FIDE-nin, milli şahmat federasiyalarının və dünya şahmat birliyinin rifahı naminə səmərəli əməkdaşlıq edəcəklər.
RŞF-nin prezidenti, FIDE-nin vitse-prezidenti Andrey Filatov bildirib ki, iclasdan sonra Kirsan İlyumjinov ona zəng edərək, FIDE-nin prezidenti vəzifəsində qaldığını bildirib. A.Filatov deyib: “Mən şadam ki, Kirsan İlyumjinov FIDE-nin prezidenti olaraq qalır, status-kvo saxlanılıb və şahmat dünyası parçalanmayıb”.