MƏDƏNİYYƏT
Kitabxanada Nizami Gəncəvinin 870 illik yubileyi qeyd olunmuşdur
Bakı, 26 dekabr (AZƏRTAC). Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 1 nömrəli filialında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Kitabxanadan AZƏRTAC-a bildirmişlər ki, tədbiri filialın müdiri Gülşən Abbasova açaraq Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında məlumat vermişdir.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları dahi şairin qəzəlləri və poemaları haqqında ətraflı danışmışlar. Bildirilmişdir ki, Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir. Onun qəhrəmanları ədalət, xalq xoşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.
Sonda fəal oxucuların ifasında dahi şairin şeirləri təqdim olunmuşdur.