MƏDƏNİYYƏT
Kitabxanada professor Abuzər Xələfovun 80 illik yubileyi qeyd olunmuşdur
Bakı, 26 dekabr (AZƏRTAC). Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 1 nömrəli filialında tarix elmləri doktoru, professor, Əməkdar Mədəniyyət İşçisi, Əməkdar Elm Xadimi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Abuzər Xələfovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Kitabxanadan AZƏRTAC-a bildirmişlər ki, Bakı Dövlət Universitetinin müəllimlərinin, alimin tələbələrinin və oxucuların iştirak etdikləri tədbiri filialın müdiri Gülşən Abbasova açaraq görkəmli elm xadiminin həyat və yaradıcılığı haqqında ətraflı məlumat vermişdir.
Prezident təqaüdçüsü, şair İlyas Tapdıq Abuzər Xələfovun keçdiyi şərəfli həyat yolundan, elm sahəsində qazandığı uğurlardan, kitabxanaçılığın inkişafında rolundan danışmışdır.
Digər çıxışlarda da professorun elmi fəaliyyətindən geniş söhbət açılmışdır.
Sonda Abuzər Xələfov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmiş və kitabxananın xatirə kitabına ürək sözlərini yazmışdır.