MƏDƏNİYYƏT
Kitabxanada Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı material hazırlanıb
Bakı, 25 noyabr, AZƏRTAC
BMT-nin Baş Məclisi 1999-cu ildə noyabrın 25-ni Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Bununla əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında məlumat bülleteni hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materialda bu günün təsis edilməsi tarixi, məqsədi, ölkəmizdə qadınların səlahiyyətlərinin artırılmasına, gender bərabərliyinin təminatına, qadın siyasətinin həyata keçirilməsinə, Azərbaycanda qadınların rolunun artırılmasına dair qəbul olunan rəsmi sənədlərin tam mətni təqdim edilir.
Bülletendə ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olması tarixi faktı, qadın hüquqlarının müdafiəsinin, onlar üçün yaradılan imkanların genişləndirilməsinin dövlət siyasətinin əsas prioritet istiqamətlərdən biri olması haqda məlumat verilir, cəmiyyətimizdə qadınların rolu, şərəfli missiyası mövzusunda görkəmli şəxslərin söylədikləri dəyərli fikirlər də yer alır.
Kitabxananın rəsmi saytında yerləşdirilən materialda https://ryl.az/funds/melumat-b%C3%BClleteni Azərbaycan və ingilis dilində 30-dan çox kitabın biblioqrafik təsviri və qısa annotasiyası ilə yanaşı, dövri mətbuat nümunələri sərgilənir.