KİYEVDƏ “UKRAYNA DÜNYANIN İNFORMASİYA XƏRİTƏSİNDƏ” BEYNƏLXALQ MEDİA FORUMU AÇILMIŞDIR
Mediaforumdan başlıca məqsəd humanitar layihələr vasitəsilə Ukraynanın iqtisadi potensialının inkişafına və sərmayə ab-havasının yaxşılaşdırılmasına töhfə verməkdir.
Forumda iştirak edən Ukrayna Prezidenti Viktor Yuşşenko iştirakçıları səmimiyyətlə salamlayaraq, onlara uğurlu iş arzulamışdır. O, “Ukrayna haqqında informasiya” ikinci beynəlxalq sərgisinin ekspozisiyasına baxmışdır.
Forumda xarici informasiya agentliklərinin, o cümlədən Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AZƏRTAC-ın Baş direktoru Aslan Aslanovun təbrik məktubu oxunmuşdur. A.Aslanov təbrik məktubunda əmin olduğunu bildirmişdir ki, “Ukrayna dünyanın informasiya xəritəsində” beynəlxalq mediaforumu Azərbaycana dost olan bu ölkənin Avropa və dünya informasiya məkanında fəallığının yüksəlməsinə təkan verəcəkdir.
Mediaforum çərçivəsində Ukrayna Baş nazirinin müavini Dmitri Tabaçnikin mətbuat konfransı keçirilmişdir.
Sonra mediaforum iştirakçılarının ümumi diskussiyası, jurnalistlərin Ukrayna dövlətinin rəsmiləri ilə görüşləri və müsahibələri, “dəyirmi masa” görüşləri və Ukraynanın Avropa seçimi məsələlərinə dair diskussiya keçirilmişdir.
Forumda Ukraynanın Baş naziri Viktor Yanukoviç çıxış edərək bildirmişdir ki, hökumət ölkədə azad mətbuatın fəaliyyətinin təmin olunması üçün bütün işləri görmüş və bundan sonra da görəcəkdir.