“KİYEVSKAYA RUS” JURNALI AZƏRBAYCANA XÜSUSİ NÖMRƏ HƏSR ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 29-da Atatürk Mərkəzində “Kiyevskaya Rus” jurnalının ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş layihə çərçivəsində buraxılmış ayrıca (dördüncü) nömrəsinin təqdimat mərasimi olmuşdur. Jurnalın bu nömrəsində “Azərbaycan” ümumi başlığı altında Azərbaycan yazıçılarının Ukrayna dilinə tərcümə edilmiş ədəbi əsərləri (nəsr, poeziya, tənqid) toplanmışdır. Jurnal Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun və Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilati və maliyyə dəstəyi ilə 1000 nüsxə tirajla buraxılmışdır. 40-dan çox azərbaycanlı müəllifin əsərlərinin toplandığı yeni nəşrin baş redaktoru Dmitro Stusdur.
Jurnal ümummilli lider Heydər Əliyevin çıxışından bir sitatla başlanır: “Azərbaycan və Ukrayna xalqları arasında qarşılıqlı münasibətlərin tarixi qədimdir, bu münasibətlər mədəniyyət, elm və incəsənət xadimlərinin əməkdaşlığına, dostluğuna və qarşılıqlı əlaqələrinə aid nümunələrlə zəngindir. Ukrayna öz sərvəti ilə, özünün böyük intellektual potensialı ilə hökmən tərəqqiyə nail olacaqdır və biz onun bu tərəqqiyə nail olmasını arzulayırıq”.
Atatürk Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Nizami Cəfərov tədbiri açaraq qeyd etmişdir ki, ədəbiyyatın fenomenal xüsusiyyəti onun xalqları bir-birinə yaxınlaşdırmasıdır. Ədəbiyyat insan xarakterlərinin və sosial proseslərin xəzinəsidir. Azərbaycan və Ukraynanın müstəqillik əldə etdikdən sonra hər birinin öz yolu ilə getməsini nəzərə alsaq, başqa müştərək mədəni mübadilə tədbirləri kimi bu nəşr də əlaqələrimizi möhkəmləndirən bir körpüdür.
Təqdimat mərasimində Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun prezidenti İlqar Abbasov, şair Səyavuş Məmmədzadə və başqaları çıxış etmişlər.