KOBİA sahibkarlar üçün onlayn təlim təşkil edib YENİLƏNİB
Bakı, 31 yanvar, Elvin Camalov, AZƏRTAC
Yanvarın 31-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə mikro, kiçik və orta sahibkarlar üçün Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə bağlı onlayn təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, təlimə Bakı və paytaxt qəsəbələrində, eləcə də ölkə regionlarında fəaliyyət göstərən 800-dən çox mikro, kiçik və orta sahibkar qoşulub. Gün ərzində davam edən onlayn təlim zamanı sahibkarlar Vergi Məcəlləsində mikro, kiçik və orta sahibkarlıqla bağlı son dəyişikliklər barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Təlimin keçirilməsi üçün Azərbaycan Dövlət İqtisad Universitetinin Distant Mərkəzinin imkanlarından istifadə edilib. Onlayn təlimə Vergilər Nazirliyinin Tədris Mərkəzinin əməkdaşları ekspert qismində cəlb olunub.
Ölkə regionlarında fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlar istənilən yerdən təlimə birbaşa qoşulmaqla yanaşı, onların təlimi izləməsi üçün KOBİA-nın Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzən, Gəncə və Yevlax rayonlarında olan “KOB Dostu” mərkəzlərində də müvafiq şərait yaradılıb.
Onlayn təlim barədə sahibkarlar əvvəlcədən KOBİA-nın “www.smb.gov.az” saytı, “Facebook” səhifəsi və KİV-lər vasitəsilə məlumatlandırılıb.
Agentlik kiçik və orta biznes (KOB) subyektlərinin müvafiq sahədəki qanunvericilik, dövlət dəstəyi mexanizmləri və güzəştlər, eləcə də sahibkarların digər sahələrdə təlim ehtiyaclarını nəzərə alaraq onlayn təlimləri mütəmadi davam etdirəcək.