MƏDƏNİYYƏT
Kollektiv şəkildə səyahət etmək həm əyləncəlidir, həm də faydalı
![Kollektiv şəkildə səyahət etmək həm əyləncəlidir, həm də faydalı](/files/2014/2/1200x630/14087125261042110821_1200x630.jpg)
Quba, 1 avqust (AZƏRTAC, Elxan Yusifli). “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində Quba rayonundan Azərbaycanın şimal-qərb bölgəsinə yola düşən qrupun tərkibində bu şəhərdəki 3 nömrəli tam orta məktəbin X sinif şagirdi Nicat Musayev də vardır.
Qubalı şagird AZƏRTAC-a müsahibəsində tur-aksiya müddətində yeni məkanlarla tanışlıqla yanaşı, yeni dostlar qazanacağına görə sevindiyini bildirib. Onun qənaətinə görə, bu aksiyanın daha bir özəlliyi ondan ibarətdir ki, eyni rayondan olan məktəblilər bir-biri ilə ünsiyyət qurmaq imkanı əldə edirlər.
Nicat Musayev deyib: “Biz Qubadakı müxtəlif məktəbləri təmsil edirik və bu tur çərçivəsində tanış olmuşuq. Fikrimcə, kollektiv şəkildə səyahət etmək həm əyləncəlidir, həm də faydalı. Biz Qəbələ, İsmayıllı və Şəkidə olacayıq. Eyni zamanda, həmin rayonların şagirdləri üçün də Qubaya səfər etmək imkanı yaradılacaq. Prezidentimiz İlham Əliyevin tapşırığına əsasən keçirilən bu aksiya regionlarımızı daha yaxşı tanımaq üçün gözəl fürsətdir. Biz şagirdlər bu imkanı yaratdığına görə dövlətimizin başçısına minnətdarıq.