DÜNYA
Konqoda mis mədəninin çökməsi nəticəsində 43 nəfər ölüb
Bakı, 29 iyun, AZƏRTAC
Konqo Demokratik Respublikasında mis mədəninin çökməsi nəticəsində 43 nəfər ölüb. AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, bu məlumatı mədənin mülkiyyətçisi İsveçrənin Glencore şirkəti yayıb.
Konqo rəsmiləri bildiriblər ki, ölkənin Kolvezi rayonunda yerləşən mis mədəninin çökməsinin səbəbləri araşdırılır. Mis mədənlərinin yerləşdiyi Lulaba əyalətinin qubernatoru Riçard Muyej bəyan edib ki, bir gün əvvəl baş vermiş qəzada 36 nəfərin öldüyü bildirilirdi, lakin iyunun 29-da daha yeddi fəhlənin meyitləri torpağın altından çıxarılıb. Bununla yanaşı, Qırmızı Xaç cəmiyyətinin və vətəndaş cəmiyyətinin nümayəndələri ölənlərin sayının 80 nəfər olduğunu bildiriblər.
Qeyd olunub ki, mis və kobalt ilə zəngin olan bu bölgədə mədəndə çalışan fəhlələrin əksəriyyəti qanunsuz işə götürülüblər. Burada 2 mindən çox insanın ucuz işçi qüvvəsi kimi mədənlərdə işlədiyi məlumatları var. May ayında da mis mədənində torpağın çökməsi nəticəsində 39 nəfər həyatını itirmişdi.