KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN NÖVBƏTİ İCLASI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclası keçirilmişdir.
İclasda “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 73-cü və “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-cü və 20.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2008-ci il 12 may tarixli 8-3/08 saylı sorğusu üzrə konstitusiya işinə baxılmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim E.Məmmədovun məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını və ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, qərar qəbul etmişdir.
Qərarda deyilir ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsi və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin I hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır.
Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-cü və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən:
-30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə - həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin;
-19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə - həmin günədək qüvvədə olmuş “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.