Koronavirusa qarşı mübarizə üçün tibbi yardım gətirən təyyarə Türkiyədən ABŞ-a gəlib
Vaşinqton, 29 aprel, AZƏRTAC
Aprelin 28-də koronavirusa qarşı mübarizə üçün tibbi yardım gətirən təyyarə Türkiyədən ABŞ-a gəlib. Təyyarə Vaşinqton yaxınlığında Endrüs aviabazasında yerə enib.
AZƏRTAC xəbər verir ki, Türkiyə ABŞ-a 500.000 tibbi maska, 4.000 kombinezon, 2.000 litr dezinfeksiyaedici vasitə, 1.500 qoruyucu eynək, 400 ədəd N-95 maskası və üz üçün 500 ədəd qoruyucu sipər göndərib. Bundan əvvəl Türkiyə 55 ölkəyə, o cümlədən Böyük Britaniya, İtaliya və İspaniyaya humanitar yardım göndərib.
ABŞ-ın Türkiyədəki səfiri Devid Satterfild bəyanatla çıxış edərək tibbi yardıma görə Ankaraya təşəkkürünü bildirib. Aviabazada tibbi yardımdan ibarət yükü Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıc və ABŞ dövlət katibinin köməkçisi Filip Riker qarşılayıb.
AZƏRTAC-ın Vaşinqton bürosu