REGİONLAR
Koronavirusdan sağalmış 92 yaşlı Ağabəyim nənə xəstəliyi necə keçirdiyindən danışdı FOTO VİDEO
![](/files/galleryphoto/2020/2/1200x630/w_161588415600135899320_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/w_1615884156002633637892_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/w_1615884156016236612523_1200x630.jpg)
Lənkəran, 2 may, İsmayıl Cəfərli, AZƏRTAC
Koronavirusa yoluxmuş 92 yaşlı Ağabəyim Axundova Azərbaycan həkimlərinin səyi nəticəsində sağalaraq öz evinə qayıdıb. Lənkəranın Boladı kəndində yaşayan Axundovlar ailəsinin 3 üzvündə - Ağabəyim Axundova, onun oğlu Aydın və gəlini İlahədə koronavirus infeksiyasına yoluxma faktı mart ayında qeydə alınmışdı.
AZƏRTAC xəbər verir ki, Ağabəyim nənə ilk günlərdə öskürəkdən əziyyət çəksə də, bunun səbəbini anlamayıb. Heç hərarəti də olmayıb. Lakin həkim müayinəsindən sonra koronavirus testi pozitiv çıxıb.
Bakıda müalicə aldıqdan sonra sağalan Ağabəyim nənə deyir: “İndi heç yerim ağrımır, heç nədən şikayətim yoxdur. Sağ olsun həkimlərimiz, Allah onlara cansağlığı versin, məni sağaltdılar. Yoxsa ki, öskürək macal vermirdi. Prezidentimiz də sağ olsun, əhalini bu xəstəlikdən qorumaq üçün nə lazımdırsa edir. Hər gün televizorda başqa ölkələrdə yüzlərlə ölüm hallarının olduğunu görürük. Şükürlər olsun, bizdə belə kütləvi hal yoxdur”.
Ağabəyim nənənin gəlini İlahə Axundova tibb bacısı işləyir. Ailədə ilk dəfə o özündə bu virusun simptomlarını hiss edib: “İşimlə əlaqədar tez-tez insanlar arasında olur, onlarla ünsiyyət qururam. Çox güman ki, bu virusa da elə yoluxmuşam. Martın 29-da artıq ümumi zəiflik hiss etməyə başladım. Qızdırmam 37 - 37,5 olurdu. Beş gün belə davam elədi. Sonra gördüm yoldaşımın da hərarəti var, onda da ümumi zəiflik, oynaq ağrıları başladı. Qayınanamda isə güclü öskürək vardı. Təcili yardıma zəng elədim, bizdən test götürdükdən sonra karantinə getdik, 11 gün orada müalicə aldıq. Yoldaşımla mən orada sağaldıq, qayınanamda isə pnevmaniya əlamətləri olduğuna görə, onu Bakıya apardılar. Orada çox gözəl müalicə olundu. Qayınanam hər dəfə həkimlərdən razılıqla danışır”.
Belə çətin sınaqdan keçən Axundovlar ailəsi hər kəsi diqqətli olmağı və koronavirusa etinasız yanaşmamağı tövsiyə edirlər.
İlahə Axundova deyir ki, bu virusa “adi xəstəlikdir” deyib keçmək lazım deyil: “İnsanlar özlərini qorusunlar, bu virusa elə-belə yanaşmasınlar. Maska, əlcəklə gəzsinlər, çalışsınlar evdə qalsınlar. Yoxsa, bu xəstəlik yenidən yayıla bilər. Evdə qalsaydım bəlkə də yoluxmazdım, amma tibb bacısı kimi insanlarla təmasda oluram deyə buna yoluxdum. Sonra da ailəmi yoluxdurdum, çünki onlar evdən çölə çıxmırdılar”.
Ağabəyim nənə də insanları bu xəstəliyi ciddiyə almağı tövsiyə edir. Deyir ki, dövlətimiz insanların sağlamlığının keşiyindədir, lakin vətəndaşlar da özlərini qorumalıdırlar: “Həkimlər deyirlər ki, bu xəstəlik bəzi insanlarda məndə olduğu kimi öskürəklə, bəzilərində qızdırma, bəzilərində isə digər əlamətlərlə üzə çıxır. Hər kəs özünü qorusun ki, sağlam olsun. Mən bu yaşımda virusa yoluxsam da, həkimlərimizin sayəsində sağaldım. Çalışın siz bu xəstəliyə tutulmayın”.