Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə gözəl nəticələr verir
Bakı, 11 iyul (AZƏRTAC). Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə gözəl nəticələr verir. Bunu əhali də görür, təqdirlə qarşılayır. Beynəlxalq qurumlar da bunu qeyd edirlər. Hesab edirəm ki, biz bu sahədə köklü dəyişiklərə nail ola bilmişik. Burada əvvəlki dəfələrdə qeyd etdiyim kimi, müxtəlif amillərin rolu xüsusi məna daşıyır - inzibati tədbirlər, cəza tədbirləri, institusional tədbirlər, şəffaflıq, yeni metodların tətbiqi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində demişdir.
“ASAN xidmət”in fəaliyyətinin xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdıran dövlətimizin başçısı il yarım ərzində 2 milyondan artıq müraciət edildiyini bildirərək demişdir: “Bu, nəyi göstərir? Onu göstərir ki, insanlar bu quruma inanırlar, görürlər ki, orada onlardan rüşvət tələb etmirlər, süründürməçilik yoxdur, şəffafdır, gənclər xidmət göstərirlər, yüzlərlə könüllü bu işlərə cəlb olunub. Görün, insanların rahatlığı, gənc nəslin yetişdirilməsi, hazırlanması, vətənpərvərliyin möhkəmləndirilməsi, gücləndirilməsi üçün bunun nə qədər böyük faydası vardır. Ümumiyyətlə, bu sistem cəmiyyətə yeni bir ab-hava, ictimai xidmətlər sahəsinə yenilik gətirdi. Biz indi səyyar avtobusları bölgələrə göndəririk. Mənə yerlərdən məlumat gəlir ki, orada insanlar bu avtobusları bir bölgədən başqa bölgəyə getməyə qoymurlar. Nə üçün? Çünki orada onlardan rüşvət tələb edilir. Deməli, əgər belə olmasaydı, onda bu avtobuslara bu qədər maraq göstərilməzdi”.
Azərbaycan Prezidenti bildirmişdir ki, aidiyyəti qurumlar, prokurorluq və digər qurumlar, icra nümayəndələri bu məsələyə çox ciddi diqqət verməlidir. Bizdə hər yerdə şəffaflıq təmin edilməlidir. O ki qaldı “ASAN xidmət”in fəaliyyətinə, hesab edirəm ki, biz avtobusların sayını artırmalıyıq. İndi cəmi iki avtobus vardır. Biz onların sayını 10-a çatdırmalıyıq. Ona görə, Maliyyə Nazirliyi məsələyə baxsın və təklif versin. Qısa müddət ərzində 10 avtobus daim hərəkətdə olmalıdır ki, insanlar razı qalsınlar.