Kosmik hava proqnozu açıqlanıb
Bakı, 13 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, Günəşin fəallığı orta səviyyədə olub. Maksimal M5.7 sinifli alışma 4436 ləkə regionunda qeydə alınıb. Alışmalar nəticəsində radiorabitədə R2 səviyyəli fasilələr, tac kütlə atılmaları (TKA) və 10 santimetr diapazonda radioalışma müşahidə edilib. Günəş səthində 5 ləkə qrupunda ümumilikdə 79 ləkə və Tac Dəlikləri qeydə alınıb.
Geomaqnit sahə əsasən sakit–aktiv vəziyyətdə olub.
Mayın 17-dək olan proqnoza görə, C sinif alışmaların başvermə ehtimalı 99 faiz, M (R1–R2) sinif 45 faiz, X (R3) sinif isə 10 faiz təşkil edir.
Elektron selinin orta və yüksək səviyyədə qalacağı, proton selinin isə TKA təsiri ilə S1 səviyyəsinə yüksələ biləcəyi gözlənilir.
Günəş küləyinin TKA və tac dəliyi axınlarının təsiri ilə normadan yüksək qalacağı proqnozlaşdırılır.