KOSMONAVTA MƏKKƏNİ TAPMAQDA KÖMƏK EDƏCƏKLƏR
Malayziya Kosmik Agentliyinin başçısı Mustafa Din bin Sübari demişdir: “Bu, kosmik ekspedisiyanın özündən heç də az əhəmiyyətli deyildir. Müsəlman kosmonavtın orbitdə olması ilə bağlı çətinliklər tamdəyərli dini həyat üçün maneə olmamalıdır”.
Beynəlxalq kosmik stansiyada Məkkəyə doğru istiqamətin daim dəyişməsi, Günəşin dəfələrlə çıxması (stansiya Yer ətrafında gün ərzində 16 dəfə dövrə vurur) belə çətinliklərdəndir. Buna görə də müsəlman kosmonavt Yerdəki davranış normalarına əməl etməli olsa, gündə 5 dəfə əvəzinə 80 dəfə namaz qılmalıdır.
Sublimasiya olunmuş yeməyin halal yemək hesab edilməsi məsələsi ayrıca diskussiya mövzusuna çevrilmişdir.
Qeyri-dəqiqliklərə yol verilməməsi üçün Malayziya proqramçıları kosmonavta növbəti namazın vaxtını bildirən xüsusi proqram hazırlamışlar. Bundan başqa, xüsusi naviqasiya cihazı Məkkəyə doğru istiqaməti göstərəcəkdir.
Malayziya vətəndaşı kosmosa gələn ilin payızında uçacaqdır. Rusiyanın “Soyuz” gəmisində uçuşa namizədlər arasında induizmə etiqad edən bir qadın və üç müsəlman kişi var. Əgər bu kişilərdən biri seçilsə, o, Səudiyyə Ərəbistanı şahzadəsi Salman Əbdüləziz Al Səuddan sonra ikinci müsəlman kosmonavt olacaqdır. Al Səud kosmosa 1985-ci ildə ABŞ-ın “Diskaveri” gəmisi ilə uçmuşdu.