Krasnoyarskın Azərbaycan diasporu xeyriyyə aksiyası təşkil edib
Moskva, 30 aprel, AZƏRTAC
Rusiyanın Krasnoyarsk diyarının Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin nümayəndələri qurumun sədri Taleh Mahmudov və dini lider Mütəllib İbişev başda olmaqla Krasnoyarsk şəhərinin vətəndaşlarına özünütəcrid dövründə xeyriyyə yardımı aksiyası təşkil ediblər.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, aksiyadan məqsəd milli mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq ehtiyacı olan hər kəsə ərzaq yardımının təqdim edilməsi olub.
Krasnoyarsk diyarının Azərbaycan Milli-Mədəni Muxtariyyəti əvvəllər də belə aksiyalar keçirib.
Taleh Mahmudov deyib: “Biz, Krasnoyarsk şəhərinin sakinləri özünütəcrid rejiminə riayət etməliyik. Biz başa düşürük ki, bir çoxları bu dövrdə müvəqqəti işindən məhrum olub, çıxılmaz şəraitə düşüblər və çətin vəziyyətdədirlər. Bununla bağlı biz 50-dən çox ailəyə yardım vermək və maksimum dəstəkləmək qərarını qəbul etdik”.
Krasnoyarsk diyarının Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti bu müqəddəs Ramazan ayında hər kəsi bir-birinə kömək etməyə, milli mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq hamıya yardım əlini uzatmağa səsləyir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva