KREDİT TƏŞKİLATLARI İLƏ BORCALANLARIN HÜQUQLARININ QORUNMASINA DAİR YENİ QANUN LAYİHƏSİ HAZIRLANMIŞDIR
Komissiyanın sədri Ziyad Səmədzadə demişdir ki, respublikada bank sisteminin inkişafı, kredit təşkilatları ilə borcalanların hüquqlarının qorunması, bank risklərinin azaldılması üçün qanunvericilik bazası daim təkmilləşdirilir, yeni layihələr hazırlanır. Müzakirəyə çıxarılan qanun layihəsi də kredit təşkilatı ilə borcalanlar arasında əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayacaqdır. Sonra Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdiri Rauf Hacıyev bildirmişdir ki, bu qanun kredit tarixçələri anlayışını və tərkibini, onların formalaşmasını, saxlanmasını və istifadə qaydalarını müəyyən etməklə yanaşı, bununla əlaqədar olan xüsusiləşdirilmiş təşkilatların fəaliyyətini də tənzimləyəcəkdir. Habelə, kredit tarixçələri bürolarının yaradılması və ləğv edilməsi xüsusiyyətlərini müəyyənləşdirəcək, borc alanlarla nəzarət orqanı arasında qarşılıqlı münasibətləri nizamlayacaqdır. Layihədə əsas anlayışlarla yanaşı, kredit tarixçələrinin məzmunu, məlumatların kredit tarixçələri bürosuna təqdim edilməsi, məlumatın qorunması və saxlanması, kredit hesabının təqdimi, kredit tarixçələri bürosunun dövlət hakimiyyət orqanları ilə qarşılıqlı münasibətləri və digər müddəalar da əksini tapmışdır.
Müzakirələr zamanı deputatlar rəy və təkliflərini bildirmişlər. Sonda, səslənən təkliflər də nəzərə alınmaqla, layihənin Milli Məclisin gündəliyinə çıxarılması qərara alınmışdır.